İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin poçt rabitəsi xidmətlərindən istifadəsi ilə bağlı 2026-cı ilin birinci rübü üzrə şikayət indeksi və şikayətlərin poçt rabitəsi operatorları tərəfindən orta cavablandırılma müddəti hesabatını dərc edib. Hesabatda 2026-cı ilin yanvar-mart ayları ərzində “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi əksini tapıb.
Agentlikdən NUHÇIXAN-a bildirilib ki, şikayət indeksi göstərilən xidmətlərin keyfiyyəti və operativliyinin qiymətləndirilməsini əks etdirən kompleks göstəricidir və hər bir poçt rabitəsi operatoru üzrə şikayətlərin xüsusi çəkisinin poçt göndərişlərinə görə bazar payına nisbəti əsasında hesablanır. Bu yanaşma operatorun bazardakı fəaliyyət həcmi ilə daxil olan şikayətlərin sayı arasındakı nisbəti müəyyən etməyə imkan verir.
Şikayətlərin xüsusi çəkisi operator üzrə daxil olmuş şikayətlərin ümumi şikayətlərin sayına nisbəti, bazar payı isə həyata keçirilmiş poçt göndərişlərinin ümumi bazardakı poçt göndərişlərinin sayına nisbəti ilə müəyyən olunur. Eyni zamanda operatorların müraciətlərə operativ cavabvermə səviyyəsi “E-Şikayət” sistemi vasitəsilə təqdim edilən cavabların orta müddəti əsasında qiymətləndirilir. Məlumat mənbəyi “E-Şikayət” elektron sistemidir.
İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, poçt sahəsində real mənzərəni müəyyən etməyə, tənzimləmə prosesini daha çevik həyata keçirməyə imkan yaradır.
Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanılıb. Bu günə qədər vətəndaşlardan adıçəkilən sistem vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 2300-ə yaxın şikayət daxil olub.
Agentlik poçt rabitəsi xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.
