Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

A- A A+

Rumıniya mediası Buxarestdə keçirilən “Buxarest Doqquzluğu” (B9) sammitini NATO-nun gələcək təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirir.

NUHÇIXAN Rumıniya mediasına istinadla xəbər verir ki, sammitdə NATO-nun şərq cinahının gücləndirilməsi, Ukraynaya dəstək, Qara dəniz regionunda təhlükəsizlik və transatlantik əməkdaşlığın gələcəyi əsas müzakirə mövzuları olub.

Rumıniyanın Prezidenti Nikuşor Dan sammitin açılışında bildirib ki, görüşün əsas məqsədi Şimali Atlantika Alyansının gələcəyi ilə bağlı regional baxışların uzlaşdırılmasıdır. Onun sözlərinə görə, B9 ölkələri üçün əsas prioritetlər milli təhlükəsizliyin gücləndirilməsi, transatlantik münasibətlərin qorunması və NATO-nun daha da möhkəmləndirilməsidir.

Məlumatlarda qeyd olunur ki, sammit Rumıniyanın Kotroçeni sarayında keçirilib və tədbirə Polşa Prezidenti Karol Navrotski, NATO Baş katibi Mark Rutte, Ukraynanın Prezidenti Volodimir Zelenski, eləcə də Şimali Avropa ölkələrinin nümayəndələri qatılıblar.

Rumıniya mediasının yazdığına görə, sammit iyul ayında Ankarada keçiriləcək NATO sammiti öncəsi koordinasiya xarakteri daşıyır.

Volodimir Zelenski sammit çərçivəsində Ukraynanın müdafiə imkanlarının genişləndirilməsi və pilotsuz sistemlərlə bağlı əməkdaşlığın artırılması məsələlərini gündəmə gətirib.

Rumıniya mediası qeyd edir ki, son aylarda pilotsuz texnologiyalar müharibənin gedişinə ciddi təsir göstərdiyindən NATO ölkələri bu sahədə koordinasiyanı genişləndirməyə çalışır.

Təhlillərdə Qara dəniz regionunun strateji əhəmiyyətinin artdığı xüsusi vurğulanır. Rumıniya nəşrlərinə görə, Ukraynadakı müharibə və Rusiya ilə Qərb arasında gərginliyin davam etməsi NATO-nun şərq cinahını alyansın əsas təhlükəsizlik prioritetlərindən birinə çevirib. Bu kontekstdə Rumıniya və Polşa regionun əsas koordinasiya mərkəzləri kimi təqdim olunur.

Məqalələrdə Azərbaycanın da daxil olduğu Qara dəniz və Cənubi Qafqaz bölgəsinin enerji və logistika baxımından strateji rolunun artdığı qeyd edilir. Analitiklər hesab edirlər ki, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutlarına marağının yüksəlməsi fonunda Azərbaycan, Gürcüstan və Rumıniya arasında əməkdaşlıq daha da aktuallaşır. Xüsusilə Orta Dəhliz və Qara dəniz üzərindən bağlantı layihələrinin NATO və Avropa İttifaqının təhlükəsizlik gündəliyində daha çox yer almağa başladığı vurğulanır.

Ekspertlərin fikrincə, B9 sammiti yalnız regional təhlükəsizlik toplantısı deyil, həm də NATO daxilində yeni geosiyasi prioritetlərin formalaşdığı platformaya çevrilir. Rumıniya mediası hesab edir ki, Buxarest yaxın illərdə NATO-nun şərq cinahında siyasi və strateji qərarların əsas mərkəzlərindən biri rolunu daha da gücləndirməyə çalışacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: