Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev “RHOFA Energy” şirkətinin Direktorlar Şurasının sədri Hazreti Akdemirin rəhbərlik etdiyi Türkiyədən olan nümayəndə heyətini qəbul edib.
NUHÇIXAN “Kabar” agentliyinə istinadla xəbər verir ki, görüşdə bərpaolunan enerji mənbələrindən istifadə, xüsusən də Qırğızıstanda Günəş elektrik stansiyalarının tikintisi, enerji sektorunda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Türkiyə bərpaolunan enerji mənbələri sahəsində sürətli inkişaf templəri nümayiş etdirir, son illərdə Günəş və külək enerjisi istehsalı yüksək səviyyələrə çatıb. Bununla əlaqədar olaraq, Adılbek Kasımaliyev qeyd edib ki, Qırğızıstan bu təcrübədən istifadə etməkdə və praktiki əməkdaşlığı inkişaf etdirməkdə, investisiya və müasir texnologiyalar cəlb etməkdə maraqlıdır.
Hazreti Akdemir öz növbəsində investisiya, ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Qırğızıstan ilə Türkiyə arasında enerji sektorunda, xüsusən də bərpaolunan enerji mənbələrindən istifadə etməklə əməkdaşlığı inkişaf etdirmək məqsədilə Türkiyənin “RHOFA Energy” şirkəti Qırğızıstandakı bir sıra müvafiq dövlət qurumlarının rəhbərləri ilə investisiya imkanlarını müzakirə etməyi planlaşdırır.
