Misirdə böyük qədim sərdaba aşkar edilib - FOTOLAR
Arxeoloqlar Misirin Luksor əyalətində Qədim Misirdə fironların XVIII sülaləsinin (e.ə.1550-1292-ci illər) taxıl anbarlarının gözətçisinin böyük sərdabasını aşkar ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin qədim abidələr naziri Xalid əl-Anani Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günündə keçirilən sərdabanın açılış mərasimində bildirib. Mərasimdə Misir hökumətinin rəhbəri Mustafa Madbuli, nazirlər və parlament üzvləri, həmçinin müxtəlif ölkələrin səfirləri iştirak ediblər.
Xalid əl-Anani qeyd edib ki, Luksor əyalətinin Albarr Al-Qarbi rayonunda aşkar edilmiş bu nadir tapıntı Qədim Misirdə fironların XVIII sülaləsinin Yeni çarlığı dövrünə aiddir və taxıl anbarlarının gözətçisinə məxsusdur. Onun sözlərinə görə, bu qədim sərdaba Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günündə Misirin bütün dünyaya hədiyyəsi, habelə turistləri ölkəyə cəlb edəcək növbəti qədim irs obyektidir. Nazir əlavə edib ki, Qədim Misir tarixinin daha erkən dövrlərinə aid olan daha iki sərdabə aşkar edilib. Bütün sərdabalarda sarkofaqlar, “uşebti” heykəlcikləri, dəfn maskaları, həmçinin divar rəsmləri var.