Qəzza Sülh Şurası: Silahlı qruplaşmalar keçid dövrü hakimiyyəti ilə paralel fəaliyyət göstərə bilməz

A- A A+

HƏMAS hərəkatından siyasi təşkilat kimi özünü buraxmaq tələb olunmayıb. Bununla belə, gələcək siyasi nizamlanma çərçivəsində hərəkat silahlardan imtina etməlidir.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bunu Qəzzada fəaliyyət göstərən Sülh Şurasının koordinatoru, bolqar diplomat Nikolay Mladenov deyib.

O əlavə edib ki, özünəməxsus hərbi komanda strukturlarına, silah arsenalına və tunel şəbəkələrinə malik silahlı qruplaşmaların keçid dövrü Fələstin hakimiyyəti ilə paralel fəaliyyət göstərməsi müzakirə predmeti deyil.

N. Mladenov əlavə edib ki, Qəzza sektorunda atəşkəs hələ də qüvvədə qalır. Bununla yanaşı, o vurğulayıb ki, mövcud vəziyyət qənaətbəxş deyil və bölgədə humanitar problemlərlə yanaşı, təhlükəsizlik çağırışları davam edir.

Beynəlxalq Sülh Şurasının ali nümayəndəsi diqqətə çatdırıb ki, müharibənin vurduğu ağır ziyan səbəbindən Qəzza sektorunun dağıntılardan təmizlənməsi və yenidən qurulması çox vaxt aparacaq: “Əgər çıxarılmalı olan on milyonlarla ton dağıntını, daimi sığınacağa, təmiz suya və kanalizasiya xidmətlərinə ehtiyacı olan bir milyondan çox insanı nəzərə alsaq, bu proses bütün meyarlara görə bütöv bir nəslin əməyini tələb edir”.

Onun sözlərinə görə, şura ötən ildən etibarən toplantılara başlasa da, mərhələli atəşkəs planının əsas istiqamətləri üzrə yalnız məhdud nəticələr əldə edilib. Bu istiqamətlərə HƏMAS və digər silahlı qrupların tərksilah olunması, həmçinin ikiillik müharibədən sonra böyük hissəsi dağıdılmış Qəzza sektorunun bərpasına başlanılması daxildir.

Şıxəli Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: