Yeni ekzoplanetlərin axtarışı üzrə ötən il missiyaya başlayan "TESS" kosmik aparatı Yer kürəsinə bənzər ilk planet aşkarlayıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Kosmik Agentliyinin (NASA) ekzoplanetlərin tranzit üsulla kəşfi üçün nəzərdə tutulan kosmik aparatı (TESS) Yer ölçüsündə ilk planeti təxminən 53 işıq ili məsafəsində yerləşən ulduz sistemində müəyyənləşdirib. Alimlərin ilkin fərziyyələrinə görə, yeni planetin radiusu Yer radiusunu təqribən 2,7 dəfə üstələyir. Bundan başqa, planetdə atmosferin mövcud olması ehtimal edilir. "TESS" siqnalları ekzoplanetin mövcudluğunu müəyyənləşdirdikdən sonra tədqiqatçılar Magellan teleskopunun "Planet Finder" spektroqraflarından istifadə etməklə onun aşkarlanmasını təsdiq ediblər.
Bildirilir ki, "HD 21749b" adlanan planet subneptundur (Neptun və Urandan az çəkiyə malikdir). Orbital dövrü 36 gün təşkil edən "HD 21749b" kosmik aparat tərəfindən aşkarlanan ən uzun orbital dövrə malik planet hesab olunur. Bununla yanaşı, "HD 21749b" planetinin kütləsi Yer kürəsinin çəkisindən təxminən 23 dəfə çoxdur. Alimlərin əsasən 10 günlük orbital dövrə malik planetlər aşkar edəcəklərini ehtimal etdiyindən kəşf layihə üçün qeyri-adi görünür. Hazırda astronomlar planetin atmosferinin nəyə bənzəməsini anlamaq üçün ölçməni dəqiqləşdirmək niyyətindədirlər. Yerdən fərqli olaraq "HD 21749b" daşlı deyil və onun atmosferinin sərin olduğu güman edilir. Onun "TESS" aparatının tədqiqatlar zamanı aşkarlayacağı Yer ölçüsündə olan çoxlu planetlərdən biri olduğu bildirilir.
Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu ötən ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.
"TESS" teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan "Kepler" teleskopunu qismən əvəz edəcək. "TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. "Kepler" isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.
"TESS" 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldiliblər ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.
2018-ci ilin mayında "TESS" aparatının ilk – sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.