Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfəri çərçivəsində qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birlikdə Türküstan şəhərində özbək şirkəti tərəfindən inşa edilmiş məscidi ziyarət edib.
NUHÇIXAN rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçılarına Özbəkistanın inşa etdiyi məscid barədə məlumat verilib. Qeyd olunub ki, məscid kompleksinin ümumi sahəsi 7 hektardan çoxdur və tikilinin özü 5 mindən çox ibadətçini qəbul edə bilər. Bu əzəmətli kompleksdə dörd 70 metrlik minarə, ibadət zalı və üçmərtəbəli əsas bina var.
İslam və Şərq memarlığının ən yaxşı ənənələrinə uyğun şəkildə tikilmiş məscidin memarlığı milli ornamentləri, Şərq günbəzlərini, hündür minarələri və müasir tikinti texnikalarını ahəngdar şəkildə birləşdirir. İnteryer İslam xəttatlığı və dekorativ sənət elementləri ilə bəzədilib.
Məscidin ətrafındakı 4,2 hektar ərazinin abadlaşdırılmasına xüsusi diqqət yetirilib. Burada yaşıllıq zolaqları, piyada yolları, istirahət zonaları, işıqlandırma sistemləri, dekorativ elementlər və fəvvarələr var.
Qeyd edilib ki, Özbəkistanın qardaş Qazaxıstan xalqına və Türküstan sakinlərinə hədiyyə olaraq inşa etdiyi bu əzəmətli kompleks iki ölkə arasında əsrlər boyu davam edən dostluq və mədəni yaxınlığın, mehriban qonşuluğun, müttəfiqliyin bariz təcəssümünə çevrilib.
Ziyarət zamanı “Quran” ayələri oxunub, qardaş xalqlar arasında sülh və rifah üçün dualar edilib.
