Yerevanda Ermənistan ordusunun hərbçisi güllələnib. Ümumiyyətlə, son 1 ayda işğalçı ölkədə 5 hərbçiyə sui-qəsd olunub.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Yerevanda kriminogen durum nəzarətdən çıxıb. Güllə səslərinin eşidilməsi adi hala çevrilib. Ötən gün paytaxt xəstəxanasına ağır güllə yarası ilə hərbi qulluqçu daxil olub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə hərbi hissənin yaxınlığında baş verib. Hadisələrin böyük əksəriyyəti paytaxt Yerevanda qeydə alınıb.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Hayk Sarkisyanın məhkəməsi keçirilib. O, sifarişli qətldə və dələduzluqda ittiham edilir. Ermənistanın “Joğovurd” qəzetinin yazdığına görə, Hayk Sarkisyanın atası Saşik Sarkisyan müalicə adı ilə bir ay müddətinə xüsusi istintaqdan icazə alaraq ölkəni tərk edib. O, dövlət büdcəsinə 19 milyon dollar ödəyib. Qəzet İnterpol tərəfindən axtarışda olan Saşik Sarkisyanın digər oğlu Narekin isə 2018-ci il dekabrın 6-da Praqa aeroportunda polislər tərəfindən saxlanılaraq həbs edildiyini bildirir. Lakin 6 aya yaxındır ki, onun ekstradisiyası ilə bağlı Çexiya və Ermənistan hüquq-mühafizə orqanları arasında aparılan danışıqlar nəticə verməyib. Qeyd edək ki, Narek Sarkisyan qanunsuz silah-sursat saxlamaqda, quldurluq və hədə-qorxu gələrək rüşvətalma hallarında şübhəli bilinir. Ermənistanda Serj Sarkisyanın prezidentliyi dönəmində qardaşı oğlanları Narek və Haykın törətdikləri qanunsuz əməllərin, özbaşınalıqların, cinayətlərin sayı-hesabı yoxdur.