Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiya logistikasının strateji elementinə çevrilir.
NUHÇIXAN “Akorda”ya istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mərkəzi Asiya-Çin” formatı ölkələrinin daxili işlər və ictimai təhlükəsizlik nazirləri ilə görüşdə bildirib.
“Onun əhəmiyyəti qlobal ticarət zəncirlərinin transformasiyası və geosiyasi gərginliyin artması kontekstində dəfələrlə artır. Bununla yanaşı, yük axınlarının artması müəyyən risklərlə əlaqələndirilir. Söhbət transmilli cinayətkarlıqdan gedir: qaçaqmalçılıq, narkotik və silah daşınması”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Kasım-Jomart Tokayev diqqətə çatdırıb ki, region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, birgə infrastruktur layihələrinin həyata keçirilməsi təhlükəsizlik məsələləri ilə sıx bağlıdır.
O, effektiv regional təhlükəsizlik sistemi qurmaq üçün “Mərkəzi Asiya-Çin” formatının potensialından istifadənin zəruriliyini qeyd edib.
