ABŞ Prezidenti Donald Tramp administrasiyası getdikcə Kubaya qarşı hərbi güc tətbiqi ehtimalına daha ciddi yanaşır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, Tramp administrasiyası ABŞ-nin təzyiq kampaniyasının, o cümlədən adaya yanacaq tədarükünün məhdudlaşdırılmasının Kuba rəhbərliyini iqtisadi və siyasi islahatlara sövq etməməsindən narazıdır.
“Buna görə də Vaşinqton hərbi variantı əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirir”, – deyə nəşr yazır.
Mənbələrin məlumatına görə, ABŞ rəhbərliyi əvvəlcə sanksiyalar, neft blokadası, eləcə də Venesuela və İrana qarşı əməliyyatların Havana rəhbərliyini güzəştlərə məcbur edəcəyini gözləyirdi.
“Politico” qeyd edir ki, mümkün ssenarilər arasında Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastronun əsir götürülməsi variantı da müzakirə olunur.
Nəşrin məlumatına görə, ABŞ hərbi dairələri birdəfəlik hava zərbələrindən tutmuş genişmiqyaslı quru əməliyyatlarınadək müxtəlif ssenariləri nəzərdən keçirir. Bildirilir ki, ABŞ Cənub Komandanlığı son həftələrdə Kubaya qarşı mümkün hərbi əməliyyat planları hazırlamağa başlayıb.
