Rusiya ordusu 19-21 may tarixlərində potensial təcavüzkar təhdid qarşısında nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə təlimlər keçirir. RF Müdafiə Nazirliyi təlimlərdə 64 mindən çox hərbi qulluqçunun iştirak etdiyini bildirib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, nazirliyin məlumatına görə, təlimdə 64 mindən çox şəxsi heyət, eləcə də 7800-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox təyyarə, 73 yerüstü gəmi və səkkiz strateji raket sualtı qayığı da daxil olmaqla 13 sualtı qayıq iştirak edir.
Qeyd olunub ki, təlimə Strateji Raket Qüvvələri, Şimal və Sakit okean donanmaları, Uzaqmənzilli Aviasiya Komandanlığı iştirak edir.
Nazirlik bildirib ki, təlimin məqsədləri komandanlıq və əməliyyat heyətinin döyüş qabiliyyətinin artırılması, potensial düşməni dəf etmək üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı qoşun komandanlığına nəzarətinin təşkilidir. Praktiki təlimlər zamanı bir sıra nüvə qüvvələri bölmələrini və birləşmələrini tapşırıqlara hazırlamaq və onlara hərtərəfli dəstək vermək, eləcə də Rusiya Federasiyası ərazisindəki sınaq poliqonlarında ballistik və kruiz raketlərinin atılması üçün tədbirlər görmək planlaşdırılır.
Belarus Müdafiə Nazirliyi də bu ölkənin qoşun bölmələrinin təlimdə iştirak etdiyini bildirib.
