İran Prezidenti müharibənin nəticələrini aradan qaldırmaq üçün idarəetmə mexanizmlərinin gücləndirilməsinə çağırıb
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, bu ölkənin Prezidenti Məsud Pezeşkian Əmək və Sosial Rifah Nazirliyinin rəsmiləri ilə görüşdə müharibənin iqtisadi və sosial təsirlərinin hədəflənmiş siyasətlər, davamlı məşğulluğun artırılması və sosial dəstək mexanizmlərinin gücləndirilməsi yolu ilə idarə olunmasının vacibliyini qeyd edib.
NUHÇIXAN xəbər verir ki, görüşdə işçilərin əməkhaqqı və gəlirləri, təqaüdçülərin yaşayış şəraiti, əmək bazarı göstəriciləri və işsizlik sığortası ödənişləri ilə bağlı hesabatlar təqdim edilib.
Nazirlik rəsmiləri müharibə şəraiti səbəbindən bəzi istehsal və xidmət sektorlarında yaranan itkilər barədə məlumat verib və aşağı gəlirli qruplar üçün dəstək tədbirlərini təqdim ediblər.
Hesabatların təqdimatından sonra çıxış edən Pezeşkian deyib: “Müharibənin təsirlərini və nəticələrini aradan qaldırmaq üçün ehtiyatlı, planlı və uzunmüddətli perspektivlə hərəkət etməliyik”.
Təkcə müvəqqəti iqtisadi tədbirlərin kifayət etməyəcəyini bildirən Pezeşkian əlavə edib: “Bəzi mövcud tədbirlər zəruri olsa da, onlar yalnız müvəqqəti yardımdır. İqtisadi və sosial problemlərin köklü səbəblərini aradan qaldırmaq üçün struktur və davamlı planlaşdırma lazımdır”.
Pezeşkian müharibə səbəbindən işini itirənlər üçün daimi iş yerlərinin yaradılmasının vacibliyini vurğulayaraq bildirib ki, planlaşdırma yalnız işsizlik sığortası ödənişlərinə əsaslanmamalı, davamlı iş imkanları yaratmalıdır”. O, dövlət müəssisələrində istehlak vərdişlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq deyib: “Hazırkı vəziyyətdə istehlakın idarə olunması və israfçılığın qarşısının alınması milli zərurətdir”.
Pezeşkian su, elektrik enerjisi, təbii qaz və yanacaq istehlakında qənaətə, ictimai nəqliyyatdan istifadəni artırmağa və lazımsız inzibati xərcləri minimuma endirməyə çağırıb. O, aşağı gəlirli qruplar üçün elektron ticarət alış-veriş sisteminin davam etdirilməsini istəyib və bildirib ki, bu kateqoriyadan olan ailələrin dəstəklənməsinə üstünlük verilməlidir.
