Cakarta şəhəri 42 milyon əhali ilə dünyanın ən böyük şəhəri reytinqində birinci yerə çıxıb. Yeni metodologiyaya görə ikinci yerdə Bangladeşin paytaxtı Dəkkə (37 milyon), üçüncü yerdə isə Tokio (33 milyon) qərarlaşıb.
NUHÇIXAN xəbər verir ki, bu məlumatı BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda sessiyada BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən söyləyib.
Onun sözlərinə görə 2050-ci ilə qədər dünya əhalisinin artımının əsas hissəsi şəhərlərdə baş verəcək və urbanizasiya prosesi xüsusilə inkişaf etməkdə olan ölkələrdə sürətlənəcək.
Hesabata görə, 2025-ci ildə dünya əhalisinin 45 faizi şəhərlərdə, 36 faizi isə qəsəbələrdə yaşayır. Kənd əhalisinin payı isə cəmi 19 faiz təşkil edir. Müqayisə üçün qeyd edilib ki, 1950-ci ildə şəhər əhalisinin payı yalnız 20 faiz idi.
