Avropa ölkələri NATO-nun xarici işlər nazirlərinin mayın 21-22-də İsveçdə keçiriləcək görüşü zamanı ABŞ-dən qoşunların yerləşdirilməsi ilə bağlı açıqlama tələb edəcək.
NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə diplomatlara istinadla məlumat yayıb.
NATO müttəfiqləri ABŞ-nin hazırkı administrasiyasının Avropadakı qoşunlarını nə vaxt və haradan çıxaracağını hələ də açıqlamaması faktından narahatdır. Almaniya və Polşa ilə bağlı qəfil qərarlar məsələnin ciddiliyinə işarə edir.
Bir müddət öncə ABŞ rotasiya çərçivəsində Polşaya 4 min hərbçidən ibarət briqada göndərmək, Almaniyadan isə 5 min əsgərini geri çəkmək niyyətində olduğunu bəyan edib.
NATO diplomatları ümid edirlər ki, Vaşinqton niyyətini müxtəlif görüşlərdə, o cümlədən alyansın iyul ayında keçiriləcək illik sammitində açıqlayacaq, lakin buna dair heç bir zəmanət yoxdur.
“Çıxarılan qoşunların sayı narahatlıq doğurmur. Lakin biz prosesin proqnozlaşdırılmamasından, Almaniyaya gəldikdə isə bunun cəza kimi edilməsindən narahatıq”, - deyə nəşrin mənbələrindən biri bildirib.
