Aİ ABŞ ilə əldə olunmuş gömrük razılaşmasının tam icrası barədə siyasi razılığa gəlib

A- A A+

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri və Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın yeni rüsum təhdidlərindən sonra gecə keçirilən danışıqlarda kompromis əldə ediblər.

NUHÇIXAN xəbər verir ki, razılaşmaya əsasən, avtomobil və maşınlar daxil olmaqla ABŞ sənaye məhsullarına tətbiq olunan Avropa gömrük rüsumları ləğv ediləcək.

Bununla yanaşı, ABŞ-nin kənd təsərrüfatı və dəniz məhsullarının Aİ bazarına çıxışı genişləndiriləcək. Lakin sənəddə ABŞ öhdəliklərini pozacağı təqdirdə güzəştlərin dayandırılmasını nəzərdə tutan qoruyucu mexanizmlər də yer alıb.

Bundan əvvəl Donald Tramp Aİ-yə iyulun 4-dək vaxt verərək xəbərdarlıq etmişdi ki, razılaşma təsdiqlənməsə Avropa istehsalı olan avtomobillərə tətbiq edilən rüsumlar 15 faizdən 25 faizə qaldırılacaq. Bu addım xüsusilə Almaniyanın avtomobil sənayesinə ciddi təsir göstərə bilərdi.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen razılaşmanın transatlantik münasibətlərdə gərgin mərhələyə son qoyacağına ümid etdiyini bildirərək, prosesin sürətlə yekunlaşdırılmasına dair çağırış edib. Avropa Parlamentində bəzi qüvvələr kompromisi dəstəkləsə də, solçu deputatlar Aİ-nin Vaşinqtonun təzyiqləri qarşısında geri çəkildiyini bəyan ediblər. Razılaşmanın iyunun ortalarında Avropa Parlamenti tərəfindən yekun təsdiqlənəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: