Cümə axşamı, mayın 21-də açıqlanan rəsmi rəqəmlərə görə, Britaniyanın xalis miqrasiyası 2025-ci ildə COVID-19 pandemiyası dövrü istisna olmaqla, 2012-ci ildən bəri ən aşağı səviyyə olan 171 min nəfərə düşüb.
NUHÇIXAN Britaniya mediasına istinadla xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) ilkin məlumatlarına görə, 2023-cü ilin mart ayına qədər olan dövrdə 944 min nəfərlik göstərici ilə pik həddə çatan xalis miqrasiya ötən il 171 minə düşüb və azalma davam edir.
ONS-in məlumatına görə, “işlə bağlı səbəblərdən” Britaniyaya gələn Aİ üzvü olmayan ölkələrin vətəndaşlarının sayının 47 faiz azalması əsas səbəb olub.
Böyük Britaniyanı tərk edənlərin sayı 6 faizlik azalma ilə 640 min nəfərə düşüb. Keçən il isə ölkəyə 800 min nəfər immiqrasiya edib ki, bu da 2024-cü ilin göstəricisindən 20 faiz azdır. Ayrıca olaraq, Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə bağlı rəqəmləri açıqlayıb ki, bu da mart ayına qədər olan dövrdə kiçik qayıqlarla gələnlərin sayının 3 faiz artdığını göstərir. Eyni dövrdə sığınacaq istəyənlərin sayı 12 faiz, otellərdə yerləşən sığınacaq axtaranların sayı isə üçdəbir azalıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ilin mart ayına qədər Böyük Britaniyaya kiçik qayıqlarla cəmi 39.271 nəfər gəlib. “Xalis miqrasiya 82 faiz azalıb və hazırda 171 min nəfərə çatıb ki, bu da Mühafizəkarlar dövründəki ən yüksək 944 mindən aşağıdır. Bu hökumət sərhədlərdə nizam-intizamı və nəzarəti bərpa edir”, -deyə daxili işlər naziri Şabana Mahmud “X” sosial media platformasında yazıb.
Mayın əvvəlində Daxili İşlər Nazirliyi bildirib ki, 2018-ci ildə qeydlər başlayandan bəri Böyük Britaniyaya çatmaq üçün 200 mindən çox miqrant kiçik qayıqlarla La-Manş boğazını keçib.
