ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi günü bildirib ki, Tehran ilə Vaşinqton arasında müharibəyə son qoymaq üçün aparılan danışıqlarda “bu gün müsbət nəticə əldə oluna bilər”.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, dövlət katibi əlavə edib: “İşlər hələ davam edir. Dünən gecə, bəlkə də bu gün bəzi xəbərlərimiz ola biləcəyini düşünürük”. O, Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə bildirib ki, Hörmüz boğazını açmaq, Körfəzdə blokadanı aradan qaldırmaq, nüvə məsələləri üzrə çox real, əhəmiyyətli, vaxt məhdudiyyətli danışıqlara girmək imkanları baxımından masada olduqca vacib məsələlər var. “Ümid edirəm ki, bunu bacara bilərik”, deyə Rubio əlavə edib.
Hindistana dörd günlük səfərdə olan Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp “pis bir razılaşma əldə etməyəcək” və Vaşinqton uğur qazanmaq üçün diplomatiyaya hər şansı verəcək. “Prezidentin (Trampın) dediyi kimi, o, tələsmir və pis bir saziş bağlamayacaq. Ona görə də nəticələri gözləyirik, alternativ variantları araşdırmazdan əvvəl diplomatiyaya uğur qazanmaq üçün hər şansı verəcəyik”, - deyə o bildirib.
Rubio qeyd edib ki, “İranın nüvə təhlükəsi” barədə Trampdan daha ciddi heç kim danışmayıb. “Buna görə də çox əminəm ki, hamımız ya yaxşı bir razılaşma əldə edəcəyimizə, ya da məsələni başqa yolla həll etməli olacağımıza əmin olmalıyıq. Yaxşı bir razılaşma əldə etməyi üstün tutardıq”, - deyə o bildirib.
Livanın ABŞ-İran razılaşmasının bir hissəsi olub-olmayacağı sualına cavab verən baş diplomat bildirib ki, bunun üzərində ayrıca iş aparılır: “Biz hazırda Livanla əməkdaşlıq edirik və 45 günlük atəşkəs rejimimiz var; həftəlik görüşlərimiz və Livan hökuməti ilə İsrail arasında gündəlik danışıqlarımız olub. Problem Livan və İsraildə deyil. Problem “Hizbullah”dadır”, - deyə o vurğulayıb. O daha sonra əlavə edib: “Silahlı “Hizbullah” mövcud olduğu müddətcə Livanda sülhə nail olmaq çətin olacaq, çünki onlar Livan xalqını qurban verirlər”, - deyə Rubio bildirib.
ABŞ-nin baş diplomatı bildirib ki, əgər Hizbullah raket atacaqsa, İsrailin buna cavab vermək və ya bunun baş verməsinin qarşısını almaq hüququ var.
