Almaniyada əhalinin böyük hissəsi ölkə üzrə vahid təhsil standartlarının tətbiqini və təhsildə bərabər imkanların genişləndirilməsini dəstəkləyir.
NUHÇIXAN “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniya Uşaq Fondunun təqdim etdiyi hesabatda respondentlərin böyük hissəsinin məktəblərdə və uşaq bağçalarında daha çox heyətin çalışmasını, həmçinin təhsil xərclərinin azaldılmasını vacib hesab etdikləri qeyd olunub.
“Forsa” İnstitutunun keçirdiyi sorğuya əsasən, böyüklərin 93 faizi məktəb və uşaq bağçalarında əlavə personal təminatını, 91 faizi isə Almaniya üzrə vahid təhsil standartlarını dəstəkləyib. Respondentlərin 90 faizi uşaq bağçasından məktəbədək təhsilin və dərs materiallarının pulsuz olmasının vacibliyini bildirib.
Uşaq və yeniyetmələr arasında da oxşar mövqe müşahidə olunub. Sorğuda iştirak edənlərin 88 faizi pulsuz təhsil və dərs vəsaitlərini, 87 faizi isə bütün məktəblərdə eyni qaydaların tətbiqini dəstəkləyib.
Hesabatda Almaniya təhsil sistemində sosial bərabərsizliyin ciddi problem olaraq qaldığı vurğulanıb. Almaniya Uşaq Fondu məktəblər və uşaq bağçaları üçün uzunmüddətli investisiya proqramlarının hazırlanmasını, həmçinin sosial və psixoloji dəstək xidmətlərinin genişləndirilməsini tələb edir.
Qeyd edək ki, Almaniyada təhsil sistemi federal əyalətlərin səlahiyyətində olduğu üçün qayda və standartlar arasında müxtəlif fərqlər var.
