Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

A- A A+

Avropa İttifaqının (Aİ) Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Konqoda və Uqandada Ebola virusunun yayılmasının sürətlənməsi ilə əlaqədar fəaliyyətini genişləndirib. Buna baxmayaraq, qurum Avropa əhalisi üçün yoluxma riskinin hələ də çox aşağı səviyyədə qaldığını bildirib.

NUHÇIXAN xəbər verir ki, ECDC-nin məlumatına əsasən, mövcud epidemioloji vəziyyət əvvəlki Ebola epidemiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bildirilib ki, regiondakı mürəkkəb humanitar və təhlükəsizlik şəraiti xəstəliyə qarşı effektiv tədbirlərin görülməsini çətinləşdirir. Bundan əlavə, hazırki yoluxmaların Bundibuqyo virusu ilə əlaqəli olması vəziyyəti daha da ağırlaşdırır. Hazırda bu virus növünə qarşı təsdiqlənmiş vaksin və xüsusi müalicə vasitəsi mövcud deyil.

Qurum vəziyyəti yerində daha yaxından izləmək məqsədilə Aİ-nin Səhiyyə İşçi Qrupu çərçivəsində regionda iştirakını genişləndirir. ECDC xüsusilə hava limanlarında çıxış yoxlamalarının vacibliyini vurğulayaraq, simptom göstərən şəxslərin vaxtında müəyyən olunmasının risklərin azaldılmasında vacibliyini qeyd edib.

Mərkəz bu istiqamətdə Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrinə səyahət tövsiyələrinin hazırlanması, mümkün yoluxma hallarının sürətli aşkarlanması və təcrid olunması, həmçinin epidemioloji məlumatların gündəlik yenilənməsinə dəstək göstərir.

Məlumata əsasən, Konqoda 900-dən çox şübhəli Ebola hadisəsi qeydə alınıb. Uqandada isə indiyədək 7 yoluxma halı təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: