ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

A- A A+

İran ilə ABŞ arasında Qətərdə keçirilən danışıqların nəticəsində tərəflər razılıq əldə ediblər. Hələlik Prezident Donald Tramp bu razılaşmanı təsdiq etməyib. Lakin atəşkəs rejiminin daha 60 gün davam etməsinə icazə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran hələlik nüvə proqramı ilə əlaqədar bəzi məsələləri həll etməyib. Vitse-prezident danışıqların davam edəcəyini də nəzərə çatdırıb.

Danışıqlar prosesinin müsbət istiqamətə yönəlməsi xəbəri birjalara çatan kimi neftin qiymətində enmə baş verdi. Treyderlər Körfəzdə davam edən geosiyasi proseslərə həssas yanaşaraq hər bir rəsmi şəxsin bəyanatına diqqət verir və qiymətlərdə dəyişiklik edirlər. Buna görə də növbəti bəyanatın nəticəsində Lindon birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 98,99 dollardan 93,00 dollara düşdü. Mayın 29-da “Brent” markalı neft ilə yanaşı, Amerikanın WTI markalı neftinin qiyməti də aşağı düşüb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı neftinin 1 barelinin qiyməti 93 dollardan 88,06 dollara enib.

“J.P. Morgan” bankının analitikləri hesab edir ki, dünya bazarında neftin qiymətinin nisbətən aşağı düşməsi qiymətlərin ümumi enmə tendensiyası demək deyil. Hələ ki, Yaxış Şərq ölkələri İranın raket zərbələri nəticəsində dağıdılmış neft infrastrukturlarını bərpa edib başa çatdırmayıblar və Hörmüz boğazından tankerlər tam sərbəst keçə bilmir ki, bunlar da bazarda tələb və təklifin tez-tez dəyişməsinə səbəb olur. Bu baxımdan Körfəzdə tam sabitlik yaranmayınca və tərəflər rəsmi sənəd imzalayıb boğazın sərbəstliyini təmin etməyincə qiymətlərdə deformasiya müşahidə ediləcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti də 100,57 dollara düşüb. Ötən ay Azərbaycan neftinin 1 barelinin qiyməti 145 dollara kimi artmışdı.

Hələlik İran ilə ABŞ arasındakı danışıqlarda müsbət məqamlar müşahidə edilir ki, bu da qeyd etdiyimiz kimi, qiymətlərə təsir edir. Dünya bazarında neftin qiymətinin sabitləşməsi tərəflərin razılığından asılı olacaq. Bu razılığın nə vaxt əldə ediləcəyini isə zaman göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: