Yerli medianın bazar ertəsi verdiyi məlumata görə, həftəsonu Qərbi Avstraliyanın cənub yarısını bürüyən bir sıra güclü fırtınalar nəticəsində ağaclar və elektrik dirəkləri aşıb, on minlərlə ev elektriksiz qalıb.
NUHÇIXAN xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının məlumatına görə, qərb ştatlarının böyük bir hissəsində fırtına xəbərdarlıqları qüvvədə qaldığı üçün təxminən 70 min elektrik enerjisi istehlakçısı kəsintilərə məruz qalıb.
Bazar günü gecəsi leysan və güclü küləklər ikinci böyük fırtına ilə müşayiət olunub ki, bu da sakinlərin həftəsonu planlarını pozub və aviaşirkətləri Pert Hava Limanında bəzi uçuşların istiqamətini dəyişməyə məcbur edib. Keyp Naturaliste də daxil olmaqla bəzi ərazilərdə saatda 135 kilometrə qədər külək qeydə alınıb və siklon gücünə çatıb.
Yanğın və Təcili Yardım Xidmətləri Departamentinin (DFES) məlumatına görə, sahilyanı Kottesloy ətrafındakı mənzil binasının damının qopması nəticəsində bir neçə əmlaka ziyan dəyib.
DFES bildirib ki, fırtınalar azalsa da, təhlükəli şərait davam edir və sakinlər zədələnmiş binalardan, yıxılmış ağaclardan və elektrik dirəklərindən uzaq durmalıdırlar.
“Western Power” şirkəti bildirib ki, hazırda təxminən 69 min zərərçəkmiş müştərinin elektrik enerjisi təchizatını bərpa etmək üçün çalışır, o cümlədən Cənub-Qərb bölgəsində fırtına ilə bağlı 250-dən çox elektrik kəsintiləri baş verib.
