Yaxın Şərqdə davam edən qeyri-müəyyənlik fonunda neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə aşağı istiqamətli təsir göstərir.
NUHÇIXAN xəbər verir ki, birjalarda qızılın qiyməti son iki həftədə maksimuma yüksəldikdən sonra həftənin ilk günündə təxminən 0,2 faiz dəyər itirib. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4500 dollar civarındadır.
Ekspertlərin fikrincə, ABŞ dollarının güclənməsi dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha bahalı edir. İnvestorlar, həmçinin ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadılması ilə bağlı təklif olunan razılaşmaya dair qərarını gözləyirlər. Belə ki, Donald Tramp İranla atəşkəsin uzadılmasına dair təklif edilən razılaşma ilə bağlı tezliklə qərar verəcəyini bildirib. Lakin hər iki tərəfin hələ də münaqişənin mərkəzində olan əsas məsələlərdə fikir ayrılıqları yaşadıqları bildirilir.
Fevralın sonlarında ABŞ-İran münaqişəsinin başlamasından bəri qızılın qiyməti təxminən 13 faiz ucuzlaşıb. Qızılın qiyməti mart ayında isə 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə isə qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələcək.
