Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima prefekturasında ayı hücumu nəticəsində dörd nəfər xəsarət alıb.
NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Məlumata görə, ayı əvvəlcə polad istehsalı müəssisəsində çalışan 20 və 60 yaşlarında iki kişiyə hücum edib. Yaralanan şəxslər xəstəxanaya çatdırılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Daha sonra heyvan yaxınlıqdakı yaşayış məntəqəsinə daxil olaraq 80 yaşlarında bir qadına və ofis binasında olan 60 yaşlarında bir kişiyə hücum edib. Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yerli polis və xilasedici xidmətlərin məlumatına görə, ötən həftədən etibarən ərazidə ayının göründüyü barədə məlumatlar daxil olub. Hazırda ayının hələ də həmin ərazidə olduğu ehtimal edilir. Hüquq-mühafizə orqanları sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə fövqəladə tədbirlərin görülməsi, o cümlədən heyvanın zərərsizləşdirilməsi ilə bağlı qərarın qəbul edilməsini nəzərdən keçirirlər.
