İran və ABŞ tərəfindən Hörmüz boğazının uzunmüddətli blokadası qlobal neft ehtiyatlarının kəskin azalmasına səbəb olacaq.
NUHÇIXAN xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, bu barədə HSBC maliyyə konqlomeratının analitiklərinin proqnozunda deyilir. Məlumata görə, Yaxın Şərqin əsas logistika arteriyasının uzun müddət bağlanması xammal təklifi və tələbi arasında balansı daha da pozacaq. Bu ssenaridə dünyanın aparıcı ölkələri qlobal əmtəə qiymətlərini sabitləşdirmək üçün öz neft ehtiyatlarını aktiv şəkildə istifadə edəcəklər. Nəticədə qlobal iqtisadiyyat xammal ehtiyatlarının kritik dərəcədə aşağı düşməsi ilə üzləşəcək. Bu isə öz növbəsində neft qiymətlərinin daha sürətli artımına və qlobal bazarda əsas enerji resursunun çatışmazlığına səbəb olacaq.
Analitiklər hesab edirlər ki, yay tətili mövsümündə yanacağa tələbatın artması əlavə çətinliklər yaradacaq. Ekspertlər İran ətrafında vəziyyətin sabitləşməyəcəyi təqdirdə ilin sonunadək xam neftin bir barrelinin qiymətinin 180 dollaradək yüksələcəyini istisna etmirlər.
