Boliviyanın müdafiə naziri Marselo Salinas ölkədəki uzun sürən siyasi və sosial böhran fonunda istefa verib.
NUHÇIXAN-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, onun yerinə Ernesto Xustiniano təyin edilib.
Qeyd etmək lazımdır ki, son həftələrdə Boliviyada yolların bağlanması və təchizatda fasilələrlə müşayiət olunan genişmiqyaslı etirazlar davam edir. Nümayişlər həmkarlar ittifaqları və keçmiş prezident Evo Moralesin tərəfdarları tərəfindən təşkil olunub.
Etirazçılar hökumətin iqtisadi siyasətinə yenidən baxılmasını, sərt qənaət tədbirlərinə son qoyulmasını və artan yaşayış xərclərinin qarşısını almaq üçün addımlar atılmasını tələb ediblər.
Xatırladaq ki, vəziyyətin pisləşməsi fonunda hakimiyyət orqanları əvvəllər ictimai asayişi bərpa etmək üçün fövqəladə vəziyyətin tətbiq edilməsinin mümkünlüyünü açıqlamışdı.
