Stokholm Universitetinin tədqiqatçıları tarixi kodların deşifrə olunmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilən süni intellekt (AI) əsaslı model yaradıblar. Layihənin rəhbəri professor Beata Medyeşinin sözlərinə görə, sistem XVII əsrin məşhur Borq şifrini cəmi 28 dəqiqəyə deşifrə edə bilib, halbuki əvvəllər bu proses həftələrlə çəkirdi.
NUHÇIXAN xəbər verir ki, Borq şifri müxtəlif xəstəliklərin müalicəsi üçün gizli tibbi reseptlər və digər əczaçılıq biliklərini özündə əks etdirən 400 səhifədən çox uzunluğunda əlyazmadır. Məsələn, reseptlərin birində bağırsaq xəstəliklərini müalicə etmək üçün bir neçə stəkan yüksəkkeyfiyyətli şərab içmək və ya çörək xəmirində muskat qozu dəmləmək tövsiyə olunur. Ehtimal ki, sənəd XVII əsrdə Şimali Almaniyada və ya Skandinaviyada yaradılıb. Şifr xüsusi qrafik və diakritik işarələri olan Latın hərfləri də daxil olmaqla 34 fərqli simvoldan ibarətdir.
Yeni alət simvolları tanımaq, mətni yenidən qurmaq və tərcümə etmək üçün süni intellektdən istifadə edir. Alimlər tərəfindən yaradılan data bazası hazırda 20 mindən çox şifrlənmiş sənəd və materialı ehtiva edir.
Mütəxəssislər hesablayırlar ki, dünya miqyasında arxivlərdə və kitabxanalarda saxlanılan tarixi əlyazmaların təxminən bir faizi tam və ya qismən şifrlənib. Onların deşifrə edilməsi tədqiqatçılara keçmiş dövrlərin diplomatiyası, gündəlik həyatı, təbabəti və mədəniyyəti haqqında yeni məlumatlar əldə etməyə şərait yarada bilər.
Lakin alimlər vurğulayırlar ki, süni intellekt tarixçiləri, dilçiləri və filoloqları əvəz etmir, əksinə, onlara mürəkkəb mətnləri daha tez təhlil etməyə və yeni tarixi mənbələri tapmağa kömək edir.
Sınaq zamanı sistem əvvəllər deşifrə edilmiş sənədlər, o cümlədən Borq şifri üzərində sınaqdan keçirilib.
