Hər il iyunun 4-də Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Müvafiq qətnamə BMT Baş Assambleyası tərəfindən 1982-ci ildə qəbul edilib. Əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini fiziki, zehni və emosional zorakılığın qurbanı olan uşaqların əzablarına cəlb etmək və onları qorumaq üçün səyləri gücləndirməkdir.
BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr haqqında illik hesabatına görə, silahlı münaqişələrdə uşaqlara qarşı zorakılığın miqyası 2024-cü ildə görünməmiş səviyyələrə çatıb, ağır pozuntuların sayı 2023-cü illə müqayisədə 25 faiz artıb. Birləşmiş Millətlər Təşkilatı dünyada 22.495 uşağa təsir edən 41.370 ağır pozuntu faktını təsdiqləyib.
Ən çoxsaylı təsdiqlənmiş pozuntu 11.967 yetkinlik yaşına çatmayan uşağın ölümü və şikəst edilməsi olub. Uşaqlar partlayıcı sursatlar, minalar və əldəqayırma partlayıcı qurğular, eləcə də münaqişə tərəfləri arasında baş verən atışmalar nəticəsində həyatını itirib və ya şikəst ediliblər.
Minlərlə uşaq silahlı qüvvələr və qruplar tərəfindən çox vaxt döyüşçü və ya dəstəkləyici qismində cəlb edilib və istifadə olunub. Cəlb edilmə, qaçırılma və digər əlaqəli pozuntuların kəskin artması silahlı münaqişələrdə uşaqların üzləşdiyi artan riskləri vurğulayır.
Birləşmiş Millətlər Təşkilatı uşaqlara qarşı münaqişə ilə əlaqəli cinsi zorakılığın əhəmiyyətli dərəcədə artdığını, o cümlədən qrup halında təcavüzlərinin kəskin çoxaldığını sənədləşdirib. Bu hallardan qızlar daha çox təsirlənir, baxmayaraq ki, oğlanlar da cinsi zorakılığa məruz qalırlar. Qeydə alınan halların sayı barədə stiqma, qisas qorxusu, adekvat xidmətlərin olmaması və qurbanların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən əhəmiyyətli dərəcədə az məlumat verilir.
2024-cü ildə humanitar yardıma çıxışın rədd edilməsi hallarının sayı həyəcanverici həddə çatıb. Münaqişə tərəfləri humanitar karvanlara və personala hücum edib, hərəkətə məhdudiyyətlər qoyub, yardım əməliyyatlarına mane olub və inzibati maneələr yaradıblar ki, bu da uşaqları səhiyyə, təhsil, müdafiə və digər həyati əhəmiyyətli xidmətlərdən məhrum edib.
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı məktəblərə və xəstəxanalara təxminən 2000 hücum faktı qeydə alıb və bu, həmin həyati əhəmiyyətli mülki obyektləri uşaqlar üçün getdikcə daha təhlükəli hala gətirib. Mülki infrastrukturun dağıdılması və qorunan ərazilərə hücumlar münaqişə zonalarında uşaqların həssaslığını daha da artırıb.
Uşaqlara qarşı ciddi zorakılıq hallarına son qoymaq və onların qarşısını almaq azyaşlılar və silahlı münaqişə ilə bağlı BMT mandatında əsas yer tutur. Uşaqları müharibədən qorumağın ən təsirli yolu onların silahlı münaqişəyə cəlb olunmasına səbəb olan amilləri aradan qaldırmaqdır.
