ÜST: Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə hələ də ciddi çətinliklər var

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə əldə olunan cüzi irəliləyişlərə baxmayaraq, vəziyyətin hələ də ciddi çağırışlarla müşayiət olunduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus epidemiya ilə mübarizənin zəif getdiyini bildirib. O qeyd edib ki, virusa yoluxan şəxslərlə təmasda olmuş insanların yalnız 45 faizi müəyyən edilərək izlənilib. Baş direktor vurğulayıb ki, epidemiya üzərində nəzarətin təmin olunması üçün bu göstərici 90 faizi keçməlidir.

Tedros Qebreyesus, eyni zamanda, bildirib ki, ilkin yoluxma hallarının gec aşkarlanması, zərərçəkmiş bölgələrdə təhlükəsizlik problemləri, bəzi əhali qruplarında etimad çatışmazlığı və təsdiqlənmiş peyvəndin olmaması kimi amillər vəziyyəti çətinləşdirsə də, epidemiyanın nəzarət altına alınacağına ümid var.

ÜST rəhbəri infeksiyanın yoluxmuş şəxslər və onların təmasları vasitəsilə yayılmasının qarşısını almaq məqsədilə hava limanlarında, sərhəd-keçid məntəqələrində tibbi yoxlamaların aparılmasını tövsiyə etdiklərini bildirib.

Məlumata görə, Konqo Demokratik Respublikasında Ebola virusuna 344 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Onlardan 60-ı ölümlə nəticələnib. Yoluxmalar ölkənin üç əyalətində yerləşən 24 səhiyyə zonasında aşkarlanıb. Eyni zamanda, şübhəli yoluxma hallarının sayı ötən həftə qeydə alınmış min nəfərdən çox göstərici ilə müqayisədə 116 nəfərə qədər azalıb.

Uqandada isə bir təsdiqlənmiş ölüm faktı və 15 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri Konqo Demokratik Respublikasının vətəndaşı olub və Uqandaya gəlməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Xatırladaq ki, Konqo Demokratik Respublikası mayın 15-də ölkədə Ebola virusunun 17-ci dalğasının yayıldığını elan edib. Ümumdünya Səhiyyə Təşkilatı isə vəziyyətlə bağlı beynəlxalq səhiyyə xəbərdarlığı yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: