Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

A- A A+

Nigerin şimalında - Əlcəzair və Mali ilə sərhəd bölgəsinə yaxın səhrada yük avtomobilinin xarab olması nəticəsində bu ölkənin 49 vətəndaşı susuzluqdan həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə bölgənin inzibati mərkəzi olan Aqadez qubernatorluğu məlumat yayıb.

Bildirildiyinə görə, hadisə Assamaka yaşayış məntəqəsindən təxminən 80 kilometr qərbdə yerləşən ucqar ərazidə baş verib. Həlak olan şəxslər Qurban bayramı münasibətilə keçirilən tədbirlərdən sonra Malidən Nigerə qayıdırmışlar.

Qubernatorluğun açıqlamasında qeyd olunub ki, sərnişinləri daşıyan yük avtomobili səhrada nasazlıq səbəbindən dayanıb. Su ehtiyatlarının olmaması, yüksək temperatur və yaşayış məntəqələrindən uzaqlıq səbəbindən insanlar ağır şəraitdə köməksiz vəziyyətdə qalıblar. Həlak olanlar kütləvi məzarlarda dəfn edilib.

Hadisədən yalnız 2 nəfərin sağ çıxdığı qeyd olunur. Onlar 50 kilometrdən artıq məsafəni piyada qət edərək əvvəlcə su mənbəyinə, daha sonra isə Assamakaya çatıb və baş verənlər barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər.

Bundan sonra aparılan axtarışlar zamanı Assamakadan təxminən 60 kilometr uzaqda daha bir yük avtomobili aşkar edilib. 60-dan çox şəxsin nəqliyyat vasitəsində yaranmış nasazlıq səbəbindən 3 gün səhrada qaldığı müəyyən olunub. Yerli hakimiyyət orqanlarının yardımı ilə yük avtomobili yoluna davam edib.

Qeyd edək ki, Afrika ölkələrindən Avropaya üz tutan miqrantların əsas keçid marşrutlarından biri hesab olunan bu səhra bölgəsində oxşar faciələr vaxtaşırı baş verir. Qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, təkcə 2025-ci ildə Niger səhrasında azı 35 miqrant həyatını itirib.

2013-cü ilin oktyabr ayında isə nəqliyyat vasitələrinin sıradan çıxmasından sonra insan alverçiləri tərəfindən səhrada tərk edilən 92 Niger vətəndaşı Əlcəzair sərhədi yaxınlığında susuzluqdan ölmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: