Sıfır Tullantı Hərəkatı və həyata keçirilən layihələr sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib, 90 milyon ton tullantı yenidən dövriyyəyə qaytarılıb. 2017-ci ildə 13 faiz olan tullantıların təkrar emal göstəricisi 2025-ci ildə 37,53 faizə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Sıfır Tullantı Forumunun qala şam yeməyində çıxış zamanı bildirib. O deyib: “500-dən çox tərəfdaşı bir araya gətirən Sıfır Tullantı Festivalını çox dəyərli hesab edirəm. Forumda 183 ölkədən iştirakçı var. 5 mindən artıq iştirakçının qatıldığı bu tədbir Türkiyənin ekoloji diplomatiya sahəsində çatdığı səviyyəni göstərir”.
Bildirilib ki, iqlim məsələsi müharibələr və qlobal pandemiyalar kimi bütün bəşəriyyəti təhdid edən ciddi problemdir. Hava, qida çirklənməsindən tullantıların idarə olunması və iqlim mənşəli problemlərə qədər bütün bu məsələlərin “kəpənək effekti” ilə bir-birinə təsir göstərdiyi danılmaz həqiqətdir. Bu təsirlər hər keçən gün daha çox hiss olunur. Milyardlarla illik Yer kürəsi tarixində iqlim hər dövrdə dəyişikliklərə məruz qalıb. Əsas məsələ bu dəyişikliklərin böhrana səbəb olmadan idarə edilməsidir.
Türkiyə Prezidenti qeyd edib ki, BMT hesabatına görə, hazırda dünyanın müxtəlif bölgələrində 43 milyon uşaq aclıqdan əziyyət çəkir. İstehsal olunan qidanın üçdə biri israf edilir. Tullantı problemi də qlobal miqyasda ciddi təhdid olaraq qarşımızda dayanır. Əminə xanım Ərdoğanın forumun açılışında bəhs etdiyi 1,6 milyon kvadratmetr sahəni əhatə edən “zibil qitəsi” problemi bunun qorxuducu nümunəsidir.
“İqlim böhranının təsirlərini minimum səviyyəyə endirmək üçün intensiv səylər göstəririk. Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan Sıfır Tullantı Hərəkatı qlobal ekoloji səfərbərliyə çevrilib”, - deyə Prezident Ərdoğan bildirib.
Xatırladaq ki, Azərbaycan forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
