Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsinə görə ABŞ məsuliyyət daşıyır.
NUHÇIXAN "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrailin regiondakı hərəkətlərini ABŞ-nin hərəkətlərindən ayrılıqda nəzərdən keçirmək olmaz.
O əlavə edib ki, İranla ABŞ arasında danışıqlar davam edir, tərəflər vasitəçilərin dəstəyi ilə mesaj mübadiləsi aparır.
Bəqai həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini İrana qarşı qərəzli münasibətdə ittiham edib.
"Baş direktor (AEBA-nın - red.) qəsdən İran və onun nüvə məsələsi ilə bağlı qərəzli münasibət nümayiş etdirir", - İran XİN-in nümayəndəsi qeyd edib.
Bu açıqlama İsrailin iyunun 8-nə keçən gecə Tehran, Təbriz və İsfahana, eləcə də Beyrutun (Livan) cənubuna raket zərbələri endirməsindən sonra verilib. Nəticədə ən azı iki nəfər həlak olub, 20 nəfər yaralanıb.
