Çinin “Tiangong” kosmik stansiyasında aparılan yeni araşdırma qaraciyər hüceyrələrinin metabolizminin tənzimləyici mexanizmlərinin müəyyən edilməsinə və qaraciyər piylənməsi xəstəliyinin müalicəsi üçün yeni yanaşmanın işlənib hazırlanmasına töhfə verə bilər.
NUHÇIXAN “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Mexanika İnstitutunun dosenti Li Ninq məlumat verib. Bildirib ki, yeddigünlük kosmik təcrübə mikroqravitasiya şəraitində qan axını və mexaniki amillərin qaraciyər hüceyrələrinin lipid mübadiləsinə təsirini öyrənmək məqsədi daşıyıb.
Alimlərin qənaətinə görə, mikroqravitasiya mühitində qan axınının zəifləməsi qaraciyərdə yağ yığılmasını artırır, normal şəraitdə isə qan axını metabolik balansın qorunmasında mühüm rol oynayır.
Bildirilib ki, təcrübələrin nəticələri gələcəkdə qaraciyər yağlanması xəstəliyi və qaraciyər fibrozu kimi problemlərin müalicəsində yeni elmi yanaşmaların hazırlanmasına imkan yarada bilər. Nümunələrin Yerə gətirildikdən sonra daha dərin təhlil ediləcəyi qeyd olunub.
