Fransada Dəmir Yolları Milli Şirkətinin əməkdaşlarının ümummilli tətili ölkə üzrə dəmir yolu nəqliyyatında problemlərə səbəb olub. Dəmir yolu şirkətinin dörd əsas həmkarlar ittifaqının çağırışı ilə keçirilən aksiya yüksək iştirak səviyyəsi ilə müşayiət olunur.
NUHÇIXAN xəbər verir ki, şirkətin açıqlamasına görə, orta hesabla hər üç TGV sürət qatarından biri ləğv edilib. “Intercites” qatarlarının isə yalnız yarısı fəaliyyət göstərəcək. Regional TER xətlərində, xüsusilə Paris və ətraf bölgələrdə nəqliyyatın hərəkətinin ciddi şəkildə pozulacağı bildirilir.
Həmkarlar ittifaqları şirkətdə aparılan yenidənqurma proseslərini, filiallaşdırmanı və iş şəraitinin pisləşməsini tənqid edirlər. Onların fikrincə, bu dəyişikliklər əməkdaşların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərir. İttifaqlar, həmçinin maaş artımlarının inflyasiyanı kompensasiya etmədiyini vurğulayaraq əməkhaqqı ilə bağlı yeni danışıqlarının başlanmasını tələb edirlər.
Dəmir Yolları Milli Şirkətinin rəhbərliyi isə son illərdə sosial dialoqun gücləndirildiyini və əməkdaşlar üçün əlavə maliyyə təşviqlərinin nəzərdə tutulduğunu bildirir. Buna baxmayaraq, tərəflər arasında fikir ayrılıqları davam edir.
