İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi ardıcıl ikinci ildir ki, azalır. Bu, onların milli valyutalarına inamını nümayiş etdirir.
NUHÇIXAN xəbər verir ki, İsveç Statistika İdarəsinin məlumatlarına görə, kronanı avro ilə əvəz etmək istəyən isveçlilərin sayı bir il əvvəl qeydə alınan 32 faizdən 28,7 faizə enib.
Bundan əlavə, respondentlərin yarıdan çoxu - 52,1 faizi vahid Avropa valyutasına qarşıdır. Ötən il isə bu göstərici 49,5 faiz idi.
İsveçlilərin Avropa İttifaqına dəstək səviyyəsi son bir ildə demək olar ki, dəyişməyib. Respondentlərin 64,5 faizi ölkənin Aİ-dəki iştirakının lehinə, 11,4 faizi isə əleyhinə fikir bildirib.
Qeyd edək ki, İsveç 30 ildən çoxdur ki, Avropa İttifaqına üzv olsa da, milli valyutasını qoruyub saxlayıb. 2003-cü ildə keçirilən referendumda İsveç əhalisi vahid Avropa valyutasına keçid ideyasını rədd edib.
