ABŞ Silahlı Qüvvələrinin Oman körfəzində ticarət gəmisinə endirdiyi zərbə nəticəsində iki hindistanlı dənizçi həlak olub, bir nəfər isə itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, hücum zamanı Palau bayrağı altında üzən “Settebello” tankerinin göyərtəsində 24 hindistanlı dənizçi olub. Hadisədən sonra gəminin 21 ekipaj üzvü Oman Hərbi Dəniz Qüvvələrinin köməyi ilə xilas edilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, gəmi heyəti Amerika hərbçilərinin göstərişlərinə məhəl qoymayıb.
Hindistan hökuməti hadisə ilə əlaqədar ABŞ-nin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib və Yaxın Şərqdə ticarət gəmilərinə qarşı hücumların dayandırılmasına, beynəlxalq dəniz yollarında sərbəst gəmiçiliyin bərpasına çağırıb.
