Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər.
NUHÇIXAN Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.
Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar.
"Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.
