"Rosselxoznadzor" 2026-cı il iyunun 12-dən mənşəyi Ermənistan olan və oradan göndərilən bütün karantin altındakı məhsulların idxalını, eləcə də Rusiya vasitəsilə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə tranzitini məhdudlaşdırır.
Bu barədə NUHÇIXAN "Rosselxoznadzor"a istinadən xəbər verir.
Qurumdan qeyd edilib ki, qadağa göndərilən malların təhlükəsizliyinin və izlənilməsinin təmin edilməsi üzrə konkret alqoritm hazırlanana qədər qüvvədə olacaq.
"Qərar karantin obyektlərinin sistemli şəkildə aşkarlanması ilə əlaqədar qəbul edilib. Xidmət cari ilin may ayından başlayaraq mərhələli şəkildə Ermənistanın bəzi karantin nəzarətində olan məhsullarının idxalını məhdudlaşdırıb. Eyni zamanda, dəfələrlə Ermənistan tərəfinə tədarük qaydalarının pozulması barədə məlumat göndərib. Lakin karantin obyektlərinin aşkarlanması davam edir. İyun ayında Ermənistandan daxil olan qoz-fındıq, şaftalı qurusunda və qurudulmuş pomidorda kapr böcəyi aşkar edilib. Ümumilikdə 3 yoluxma halı qeydə alınıb", - "Rosselxoznadzor"un məlumatında bildirilib.
Qeyd edək ki, mayın 22-dən Rusiya Ermənistandan güllərin, mayın 23-dən isə bir neçə aparıcı Ermənistan şirkətinin alkoqollu məhsullarının idxalını məhdudlaşdırıb. Mayın 30-dan pomidor, xiyar və çiyələk idxalına qadağa tətbiq edilib. İyunun 2-dən "Rosselxoznadzor" Ermənistandan albalı, gilas, gavalı, şaftalı, nektarin və üzüm idxalını dayandırıb. Balıq və balıq məhsullarının tədarükü də bənzər məhdudiyyətlərə məruz qalıb.
