Böyük Britaniyada aparılan yeni sorğu göstərib ki, ölkə vətəndaşlarının təxminən yarısı “Brexit” məsələsi üzrə ikinci referendumun keçirilməsini dəstəkləyir.
NUHÇIXAN “The Indenendent”ə istinadla xəbər verir ki, London Kral Kolleci, “Ipsos”, “Dəyişən Avropada Böyük Britaniya” təşkilatlarının birgə apardığı tədqiqat Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq qərarının verilməsindən 10 il sonra ictimai rəydə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. Sorğunun nəticələrinə görə, respondentlərin təxminən yarısı Aİ ilə daha yaxın münasibətlərin qurulmasını dəstəkləyir. Eyni zamanda, iştirakçıların 60 faizi müdafiə sahəsində Aİ ilə daha sıx əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Araşdırma göstərib ki, son illərdə “Brexit”ə münasibət daha tənqidi xarakter alıb. Belə ki, 2021-ci ildə respondentlərin 27 faizi “Brexit”in gözlədiklərindən daha pis nəticələr verdiyini düşünürdüsə, 2026-cı ildə bu göstərici 48 faizə yüksəlib. Bu rəqəm “Brexit”in gözlənildiyi qədər və ya daha uğurlu həyata keçirildiyini düşünənlərin payını üstələyib.
Sorğu, həmçinin “Brexit” referendumunun keçirilməsi ilə bağlı fikirlərin də dəyişdiyini göstərib. 2016-cı ildə britaniyalıların üçdə ikisi o zamankı Baş nazir Devid Kemeronun referendum keçirmək qərarını düzgün hesab edirdisə, hazırda bu göstərici 43 faizə düşüb. Referendumun səhv qərar olduğunu düşünənlərin payı isə həmin dövrdəki 24 faizdən 38 faizə yüksəlib.
