Hindistan Hörmüz boğazında göyərtəsində hindistanlı dənizçilərin olduğu gəmilərə hücumlardan sonra ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miksi 48 saatdan az bir müddət ərzində ikinci dəfə çağırıb.
NUHÇIXAN yerli mediaya istinadən xəbər verir ki, bu gün Hindistan XİN-in Amerika üzrə katibi Naqarac Naydu Ceyson Mikslə görüşüb və Hörmüz boğazından keçən gəmilərdəki Hindistan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı Nyu-Delhinin narahatlığını çatdırıb.
Yeni diplomatik demarşın səbəbi cümə axşamı ABŞ hərbçilərinin Oman sahillərində Qvineya-Bisau bayrağı altında üzən "MT Jalveer" tankerinə hücumu olub. Raket zərbəsindən sonra göyərtədəki 22 hindistanlı dənizçinin hamısı uğurla təxliyə edilib.
Bu, son dörd gün ərzində regionda baş verən üçüncü belə hadisədir.
İyunun 10-da Hindistan Oman sahillərində "Settebello" ticarət gəmisinə hücumdan sonra ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə münasibətlər tarixində ilk dəfə olaraq amerikalı diplomatı çağırmışdı.
Gəminin göyərtəsində 24 hindistanlı dənizçi olub. Hadisə nəticəsində 21 nəfər xilas edilib, 3 nəfər həlak olub.
