Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

A- A A+

Avropa İttifaqında (Aİ) uzun illər müzakirə olunan Ümumi Avropa Sığınacaq Sistemi islahatları qüvvəyə minib.

NUHÇIXAN xəbər verir ki, yeni qaydalar sığınacaq prosedurlarının sürətləndirilməsini, qanunsuz miqrasiyanın daha səmərəli idarəolunmasını və deportasiya mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur.

İslahatın əsas məqsədlərindən biri sığınacaq axtaran şəxslərin Aİ daxilində bir ölkədən digərinə keçərək müraciət etməsinin, yəni “ikinci dərəcəli miqrasiya”nın qarşısını almaqdır. Qaydalara əsasən, sığınacaq müraciətinə görə məsuliyyət ilk qeydiyyatın aparıldığı üzv dövlətin üzərinə düşür.

Yeni sistem çərçivəsində Aİ-nin xarici sərhədlərində yerləşən ölkələrin yükünü azaltmaq üçün həmrəylik mexanizmi tətbiq olunacaq. Bu mexanizmə əsasən, üzv dövlətlər miqrasiya təzyiqi ilə üzləşən ölkələrə maliyyə və maddi yardım göstərəcək, yaxud müəyyən sayda sığınacaq axtaran şəxsi qəbul edəcək.

İslahat, həmçinin sürətləndirilmiş sərhəd prosedurlarını nəzərdə tutur. Müraciətlərinin müsbət nəticələnmə ehtimalı aşağı olan şəxslər maksimum 12 həftə davam edən xüsusi prosedurdan keçəcəklər. Bu müddətdə onların sərhəd qəbul mərkəzlərini tərk etmələrinə məhdudiyyət qoyula bilər.

“Spiegel” nəşrinin xəbərinə görə, Almaniyada da yeni qaydaların tətbiqi üçün hazırlıqlar görülür. Münxen və Frankfurt hava limanlarında sərhəd prosedurlarının həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə ümumilikdə 374 yerlik xüsusi yerləşdirmə məntəqələrinin yaradılması nəzərdə tutulur. Berlin-Brandenburq hava limanında isə yeni sərhəd mərkəzi fəaliyyətə başlayıb.

Almaniya Kansleri Fridrix Merts də bununla bağlı X hesabındakı paylaşımında həm milli, həm də Avropa səviyyəsində miqrasiya siyasətində dönüşün başlandığını ifadə edərək bildirib: “Bu gündən etibarən Ümumi Avropa Sığınacaq Sistemi qüvvəyə minir: daha yaxşı idarəetmə və nizam, daha sürətli prosedurlar, məsuliyyətin ədalətli bölgüsü. İslahat səmərəli şəkildə həyata keçirilməlidir. Beləliklə, ölkəmiz bundan fayda əldə edəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: