Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə bu həftə görüşməyi təklif etdiyini bildirib.
NUHÇIXAN “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Zelenskinin sözlərinə görə, genişmiqyaslı müharibəyə son qoyulması məqsədilə belə bir görüş iyunun 15–17-də Fransada keçirilən G7 sammiti çərçivəsində baş tuta bilərdi, lakin Rusiya Prezidenti danışıqlara hazır deyil.
“Putinə G7 sammiti çərçivəsində görüşməyə hazır olduğumuz barədə mesaj göndərdik. Çünki orada Tramp və Makron da olacaq, yəni həm Avropa, həm də ABŞ təmsilçiləri iştirak edəcəklər. Fikrimcə, bu, hamımızın bir araya gələrək görüşməsi üçün çox yaxşı imkandır”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Avropa və ABŞ bu təşəbbüsü dəstəkləyib, Rusiya isə bir daha danışıqlara hazır olmadığını nümayiş etdirib.
Xatırladaq ki, Volodimir Zelenski iyunun 4-də Kreml rəhbərinə açıq məktub ünvanlayaraq uzunmüddətli sülhə nail olunması üçün razılıqların əldə edilməsi məqsədilə üçüncü ölkədə görüş keçirməyi təklif etmişdi.
