Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

A- A A+

Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcəyini bildirib.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Fidan bir çox regional məsələlər, xüsusən də Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Afrika ilə bağlı fikir mübadiləsi aparacaqlarını bildirib və əlavə edib: “İndiyə qədər olduğu kimi, Türkiyə bundan sonra da Ukrayna məsələsinin həllində hər cür dəstəyi verməyə davam edəcək. Türkiyə istənilən vasitəçilik roluna töhfə verəcək. Bacardığı vasitəçilik rolunu oynamağa davam edəcək. Çünki davam edən müharibə bölgəmizdə qeyri-sabitliyi daha da artırır. Buna mümkün qədər tez son qoyulmalıdır”.

Fidan qarşıdan gələn görüşlərin səmərəli olacağına ümid etdiyini bildirib.

Rusiya xarici işlər naziri Lavrov Rusiya ilə Türkiyə arasındakı münasibətlərə toxunaraq deyib: “Ticarət və iqtisadi münasibətlərimiz inkişaf edir. Ümid edirəm ki, ilin sonuna qədər Birgə İqtisadi Komissiyanın 20-ci iclası keçiriləcək”.

Lavrov daha sonra qeyd edib: “Təkcə ikitərəfli münasibətlər deyil, həm də regional və beynəlxalq gündəliyimiz zəngindir. Bu məsələlərlə bağlı daim fikir mübadiləsi aparırıq. Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələlərini daim müzakirə edirik. Ukraynadakı vəziyyətə ədalətli, möhkəm və davamlı həll yolu tapmaqda türk dostlarımızın marağını yüksək qiymətləndiririk”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: