Fransada davam edən güclü istilər imtahan dövrünə təsadüf edir. Bu səbəbdən bəzi şagirdlərin şifahi imtahanları təxirə salına bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın milli təhsil naziri Eduard Jefre “Franceinfo”ya açıqlamasında bildirib. O qeyd edib ki, gələn bazar ertəsi imtahana çağırılan şagirdlər barədə qərar ən gec cümə axşamı və ya cümə günü veriləcək.
Nazir izah edib ki, əgər imtahan mərkəzində şərait uyğun deyilsə, şagirdlərə yeni çağırış göndəriləcək və imtahan bir neçə gün təxirə salınacaq. O, bununla belə, təxirə salınmaların qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəklərini də vurğulayıb.Yekun qərar akademiya rektorlarına məxsus olacaq. Jefreyin sözlərinə görə, əgər bazar ertəsi imtahanların təhlükəsiz şəraitdə keçirilməsi mümkün olmazsa, imtahanlar bir və ya iki gün sonraya keçirilə bilər. Nazir əlavə edib ki, oxşar vəziyyət dərslərə də aiddir: “Eyni səbəb, eyni prinsip. Əgər temperatur təhlükəsiz tədrisə imkan vermirsə, məktəb və ya təhsil müəssisəsi bağlana bilər”. Bu qərarlar yerli hakimiyyət orqanları – prefekt, bələdiyyə və ya məktəb rəhbərliyi tərəfindən veriləcək.
Təhsil naziri, həmçinin bildirib ki, ideal vəziyyət bütün məktəb binalarının müasir və istilikdən qorunan vəziyyətdə olmasıdır, lakin bu binalar dövlətə yox, yerli hakimiyyətlərə məxsusdur. Onun sözlərinə görə, dövlət artıq məktəb və təhsil müəssisələrinin yenilənməsi üçün 3 milyard avro ayırıb və hazırda 24 milyon kvadratmetr sahədə təmir işləri aparılır. “Amma dövlətə mənsub olmayan binanı təmir edə bilmərəm,” – deyə o əlavə edib.
