Moskva və Moskva vilayətinə edilən kütləvi dron hücumu nəticəsində Rusiya paytaxtının hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
NUHÇIXAN Rusiya mediasına istinadla xəbər verir ki, Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “Aeroflot” ləğv edilmiş uçuşları olan sərnişinlərə hava limanlarına getməməyi və biletlərin qaytarılmasını və ya onlayn dəyişdirilməsini təşkil etməyi tövsiyə edib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri paytaxta doğru uçan daha 14 dronu vurub. Moskvaya yaxınlaşarkən məhv edilən PUA-ların ümumi sayı 194-ə çatıb. Təcili yardım xidmətləri dron qalıqlarının düşdüyü yerlərdə işləyir.
Moskva ətrafındakı Jukovskidə dron qalıqlarının düşməsi nəticəsində Qaqarin küçəsindəki çoxmənzilli binaya ziyan dəyib. Bu şəhərin meri Andronik Pakın sözlərinə görə, binanın 25-ci mərtəbəsində dağıntı qeydə alınıb, iki balkon plitəsi uçub. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun ilkin məlumatına görə, xəsarət alan yoxdur və sakinlər təxliyə olunur.
“Sadovod” ticarət mərkəzinin ərazisinə də dron qalıqları düşüb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
