IRNA xəbər agentliyi İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzalanmış memorandumun nüsxəsini əlində tutduğu fotolarını yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, şəkillərdən birində Məsud Pezeşkian ingilis dilində tərtib olunmuş sənədi, digər fotoda isə fars dilində hazırlanmış və hər iki ölkənin prezidentləri tərəfindən imzalanmış memorandumun nüsxəsini nümayiş etdirir.
Məlumata görə, İran və ABŞ iyunun 18-nə keçən gecə memorandumu onlayn şəkildə imzalayıblar. Sənəd fevralın 28-də başlanmış hərbi münaqişənin başa çatdırılmasını nəzərdə tutur.
Memorandumda, həmçinin ABŞ tərəfindən dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası üçün müəyyən edilmiş müddətlər öz əksini tapıb.
Sənədə əsasən, Tehran nüvə silahı əldə etməmək öhdəliyini üzərinə götürür. İranın nüvə proqramı ilə bağlı məsələlərin isə ayrıca saziş çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Tərəflər bu məsələ ilə bağlı 60 gün ərzində danışıqlar aparacaq.
