Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

A- A A+

Fransa və Türkiyə NATO-nun iyul ayında Ankarada keçiriləcək sammiti ərəfəsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində irəliləmək niyyətlərini bir daha nümayiş etdirib.

NUHÇIXAN xəbər verir kİ, Fransanın silahlı qüvvələr naziri Ketrin Votren NATO-nun Brüsseldəki mənzil-qərargahında türkiyəli həmkarı Yaşar Gülərlə görüş keçirib.

Ketrin Votrenin X sosial şəbəkəsində verdiyi məlumata görə, tərəflər iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Nazir bildirib ki, sammit Avropa ölkələrinin Alyans daxilində artan öhdəliklərini konkret şəkildə nümayiş etdirmək baxımından mühüm mərhələ olacaq.

Görüş zamanı Ukrayna, Hörmüz boğazındakı vəziyyət və Livandakı son inkişaflar da daxil olmaqla bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər, həmçinin müdafiə sənayesi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

NATO-nun Ankara sammitində Alyansın gələcək müdafiə imkanları, hərbi xərclər və kollektiv təhlükəsizlik strategiyası ilə bağlı əsas qərarların müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Brüsseldə keçirilən NATO nazirlər toplantısı çərçivəsində çıxış edən Ketrin Votren Fransanın Alyans qarşısındakı öhdəliklərinə sadiq qaldığını vurğulayıb. Onun sözlərinə görə, hazırda 2500-dən çox fransız hərbçi NATO əməliyyatlarında iştirak edir. Fransa Rumıniyada çoxmillətli qüvvələrin tərkibində fəaliyyət göstərir, Estoniyada Böyük Britaniya ilə birlikdə döyüş qrupunda təmsil olunur, həmçinin Baltik ölkələrində hava patrulu və Baltik dənizində dəniz əməliyyatlarına qatılır.

Nazir əlavə edib ki, Fransanın müdafiə büdcəsi 2030-cu ilə qədər 36 milyard avro artırılacaq və 2017-2027-ci illər arasında iki dəfə yüksəlmiş olacaq. Paris bu addımı Avropa və Şimali Amerika müttəfiqləri arasında müdafiə məsuliyyətinin daha balanslı bölüşdürülməsinə töhfə kimi qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: