İyunun 18-u Nigerin paytaxtı Niameydə yerləşən Amani Diori adına Beynəlxalq Hava Limanına silahlı hücum nəticəsində 35 nəfər ölüb.
NUHÇIXAN BBC-yə istinadən xəbər verir ki, məlumatı Nigerin Müdafiə Nazirliyi təsdiqləyib.
Məlumata görə, onların arasında 22 hücumçu, 11 hərbçi və 2 dinc sakin var.
Rəsmilər bildiriblər ki, öldürülən 22 hücumçudan əlavə, dörd nəfər yaralanıb. Həmçinin 20 hücumçunun həbs edildiyi qeyd olunub.
Hücum iyunun 18-i hava limanı və hərbi aviabaza ərazisində baş verib. Şahidlərin məlumatına görə, yerli vaxtla saat 6.00 radələrində ilk partlayış səsləri eşidilib, bundan sonra təhlükəsizlik qüvvələri ərazini təmizləmə və nəzarətə götürmə əməliyyatlarına başlayıb.
Həmin gün axşam saatlarında "Əl-Qaidə" ilə əlaqəli "İslamın və müsəlmanların dəstəyi qruplaşması" (JNIM) hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, bu, beş aydan az bir müddətdə Amani Diori adına hava limanına edilən ikinci hücumdur. Yanvar ayında hücumu "İslam Dövləti" ilə əlaqəli təşkilat həyata keçirmişdi.
