BƏƏ-də yaşı 15-dən az olan uşaqlar üçün sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edilir

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti uşaqların sosial media platformalarına çıxışını tənzimləyən yeni qərar qəbul edib. Qərara əsasən, sosial şəbəkələrdə şəxsi hesab yaratmaq və istifadə etmək üçün minimum yaş həddi 15 yaş müəyyənləşdirilib.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, sənəd ölkədə uşaqların rəqəmsal mühitdə qorunmasının gücləndirilməsi, onların psixoloji və sosial inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Qərara əsasən, yaşı 15-dən az olan uşaqlara şəxsi hesab yaratmaq, həmçinin sosial media platformalarının tam funksiyalarından istifadə etmək qadağan olunur. Bu məhdudiyyətlər paylaşım etmək, şərh yazmaq, digər istifadəçilərlə qarşılıqlı interaktiv əlaqə qurmaq, açıq qruplara və kanallara qoşulmaq kimi imkanları da əhatə edir.

Eyni zamanda, yaşı 15-16 arasında olan yeniyetmələrin sosial media platformalarından xüsusi qaydalar çərçivəsində istifadə etməsinə icazə verilir. Bu qaydalara məzmunun yaş kateqoriyalarına uyğun təsnifatı, bəzi qarşılıqlı əlaqə vasitələrinin məhdudlaşdırılması, istifadə vaxtının tənzimlənməsi və valideyn nəzarəti alətlərinin tətbiqi daxildir.

Yeni qərara görə, sosial media platformaları 12 ay ərzində istifadəçilərin yaşının müəyyənləşdirilməsi üçün dəqiq və etibarlı yoxlama mexanizmləri tətbiq etməlidir. Bu məqsədlə rəqəmsal şəxsiyyət, süni intellekt texnologiyaları və biometrik vasitələrdən istifadə nəzərdə tutulur. Şəxsin yaşının yalnız istifadəçinin öz bəyanatı əsasında təsdiqlənməsi kifayət hesab edilməyəcək.

Bundan başqa, qərarda uşaqların şəxsi məlumatlarından istifadə edilməsinə və onların rəqəmsal fəaliyyətinin izlənilməsi və davranış profillərinin formalaşdırılması əsasında hədəfli reklamların göstərilməsinə qadağa qoyulur. Platformalar qanunvericiliyin tələblərinə zidd hesabları aşkarlamalı və onların fəaliyyətini dərhal dayandırmalı və ya məhdudlaşdırmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: