Hörmüz boğazı bağlı, dünya neft bazarı isə təchizatsız qalıb

A- A A+

İran ilə ABŞ arasında İsveçrədə nəzərdə tutulan Memorandumun imzalanması təxirə salındıqdan sonra dünya bazarında neftin qiymətinin enməsi də dayandı. Halbuki tərəflər Qətər və Pakistanda aparılan danışıqların nəticəsi olaraq iyunun 19-da İsveçrədə Memorandumu imzalamalı idilər.

NUHÇIXAN xəbər verir ki, imzalanma mərasiminin baş tutmaması ilə yanaşı, Yaxın Şərqdən dünya bazarına neft ixracı üçün istifadə edilən Hörmüz boğazı da bağlı qaldı. Cari ilin əvvəlindən geosiyasi proseslərin nəticəsi olaraq həssas vəziyyətə gələn bazarın reaksiyası özünü gözlətmədi. İyunun 20-də London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 78-dən 80,57, WTI 74-dən 76, Rusiyanın “Urals” markalı neftinin qiyməti 59-dan 61 dollara yüksəldi. Nəzərə çatdıraq ki, Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti 2,89 dollar və ya 3,61 faiz artaraq 82,95 dollar olub. Treyderlər atəşkəs rejimi olsa da boğazın hələ bağlı qalmasını əsas götürərək qiymətlərdə yüksələn dəyişiklik ediblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda terminal və tankerlərdəki neft, eləcə də Rusiyanın Asiya bazarına neft satışını artırması qiymətləri sabit vəziyyətə gətirərək 1 barelin qiymətini 100 dollardan aşağı salmışdı. ABŞ ilə İranın, digər şərtlərlə yanaşı, Hörmüz boğazının da açılmasını nəzərdə tutan Memorandumun imzalanması mərasiminin təxirə salındığı xəbərindən sonra treyderlər bazarın neft ilə təchizatının hələ bərpa olunmayacağını başa düşdülər ki, bu da qiymətlərin yenidən artmasına səbəb oldu.

Lakin tərəflərin hərbi əməliyyatlara başlamaq istəməməsi və atəşkəs rejiminin davam etməsi qiymətlərin daha da yüksəlməsinin qarşısını alır.

Digər tərəfdən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran nümayəndələri artıq İsveçrəyə yola düşüblər. Tərəflər “bir sıra texniki” məsələləri müzakirə edəcəklər. ABŞ İrandan nüvə proqramını birdəfəlik bağlamağı, İran isə ABŞ-dən dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılmasını tələb edir. İyunun 21-də tərəflər yenidən görüşməlidirlər. Bu görüşün necə başa çatacağını zaman göstərəcək. Hələlik isə Hörmüz boğazı bağlı, dünya neft bazarı isə təchizatsız qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: