ABŞ və İran 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb

A- A A+

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər - Qətər və Pakistan Xarici İşlər nazirliklərinin (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, həvəsləndirici irəliləyişlər əldə olunub.

Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb.

"Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb", - bəyanatda qeyd edilib.

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlindiyi diqqətə çatdırılıb.

"Vasitəçi tərəflər yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklər", - Qətər və Pakistan XİN-in birgə bəyanatında bildirilib.

Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: